REGİONLAR
Xaçmazın Ağtala kəndində yeni körpələr evi-uşaq bağçası tikilir VİDEO
Xaçmaz, 9 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Ağtala kəndində tikilən körpələr evi-uşaq bağçası aprel ayında istifadəyə veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 yerlik bağçada işlər yekunlaşmaq üzrədir. Binada yalnız daxili tərtibat, inventar və avadanlıqların quraşdırılması işləri qalıb.
İş icraçısı Mübariz Mövlanverdiyev bildirib ki, bağça müasir istilik sistemi ilə təhciz olunacaq, həyətində isə əyləncə guşələri yaradılacaq.
Bununla yanaşı, Xaçmaz rayonunda daha beş körpələr evi-uşaq bağçası əsaslı təmir olunur. Hazırda Xaçmaz şəhərində 3 və 6 saylı, həmçinin rayonun Həsənqala, Yalama kəndlərindəki uşaq bağçalarında yenidənqurma işləri aparılır.
Qusarçay kəndində əsaslı təmir olunan bağçada işlər yekunlaşıb. Binada daxili tərtibat, inventar və avadanlıqların quraşdırılması işləri aparılıb.
Bağçanın müdiri Nahidə Səbzəliyeva qeyd edib ki, azyaşlı sakinlərin zövqünə uyğun qurulan bağçada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradılıb. Bağça körpələrin rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün lazımi inventarla təchiz olunub.
Fevralın 15-dən Xaçmazda 20 məktəbəqədər təhsil müəssisəsində tədris ənənəvi formada bərpa ediləcək. Rayonda fəaliyyət göstərən uşaq bağçalarında ümumilikdə 900-dən çox azyaşlı tərbiyə alır.