MƏDƏNİYYƏT
Xalq Artisti Sofa Bəsirzadənin xatirəsi anılacaq
Bakı, 6 iyun, AZƏRTAC
İyunun 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq Artisti Sofa Bəsirzadənin 100 illiyinə həsr edilən tədbir keçiriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, anım mərasimi Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq. Tədbirdə Sofa Bəsirzadənin milli teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışılacaq, onun rol aldığı səhnə və ekran əsərləri əsasında fotosərgi nümayiş olunacaq. Unudulmaz aktrisanın sənət dostları Sofa Bəsirzadə haqqında xatirələrini bölüşəcəklər. Sonra aktrisanın xatirəsinə həsr olunan “Müfəttiş” tamaşası nümayiş etdiriləcək.
Sofa Bəsirzadə 1918-ci ildə Kazan quberniyasının Çukan kəndində dünyaya gəlib. 1936-cı ildə Bakı Teatr Məktəbinə qəbul olunan sənətkar Akademik Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizodik rollarda çıxış edib. Üçüncü kursda tələbə-aktrisa kimi teatrın aktyor truppasına qəbul olunub. Ümumilikdə 100-dən çox tamaşada müxtəlif obrazlar yaradıb.
Sofa Bəsirzadə 2000-ci il yanvarın 4-də Bakıda vəfat edib.