MƏDƏNİYYƏT
Xalq Rəssamı Fuad Salayevin anadan olmasının 70 illiyinə həsr edilmiş elmi sessiyada yubilyarın yaradıcılığından söhbət açılmışdır
Bakı, 18 mart (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevin anadan olmasının 70 illiyinə həsr edilmiş elmi sessiya keçirmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, tədbiri bu elm müəssisəsinin direktoru, professor Ərtegin Salamzadə açaraq Fuad Salayevi yubileyi münasibətilə təbrik etmiş, ona yeni yaradıcılıq uğurları arzulamışdır.
Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülrəna Mirzəyevanın “Fuad Salayevin həyat və yaradıcılığı” mövzusunda məruzəsi dinlənilmişdir. Qeyd edilmişdir ki, professor Fuad Salayev ziyalı, milli adət-ənənələrin hörmətlə qorunduğu bakılı ailəsində dünyaya göz açmışdır. O, bu sahədə hərtərəfli təhsil alaraq, 1964-cü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir. Sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirmişdir.
Vurğulanmışdır ki, Cəlal Qaryağdı kimi görkəmli heykəltəraşın yetirməsi olan F.Salayev artıq 1962-ci ildə “Məişətdə sənət” adlı respublika sərgisində “Leyləklər” əsəri ilə iştirak etmişdir. Moskvada təhsilini bitirdikdən sonra məhsuldar yaradıcılıq yolu keçmiş sənətkarın ən gözəl əsərlərindən biri də 1972-ci ildə M.Muxtarovun şəhərkənarı bağında görkəmli rus şairi S.Yeseninin xatirə lövhəsi olmuşdur. O, 1975-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir.
Diqqətə çatdırılmışdır ki, Fuad Salayev ümummilli lider Heydər Əliyevin üç abidəsini hazırlamışdır. Həmçinin bəstəkar Qara Qarayevin, akademik Yusif Məmmədəliyevin xatirə lövhələri, akademik Azad Mirzəcanzadənin tuncdan, akademik Aqil Əliyevin mərmərdən olan məzar daşları da Fuad Salayevin yaradıcılıq məhsuludur.
Qeyd edilmişdir ki, F. Salayev 1982-ci ildən Memarlıq və İncəsənət İnstitutunun heykəltəraşlıq kafedrasında pedaqoji fəaliyyətə başlamışdır. 2000-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektorudur.
Yubileydə memarlıq üzrə fəlsəfə doktoru Fərhad Mollazadənin “Fuad Salayevin heykəlləri şəhər mühitində”, Emin Ələkbərovun “Heykəltəraş Fuad Salayevin yaradıcılıq yolu” mövzusunda məruzələri də maraqla qarşılanmışdır.