İQTİSADİYYAT
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun girişini bəzəmiş iki tarixi heykəl yenidən ucaldılacaq
Moskva, 1 dekabr, AZƏRTAC
Bir vaxtlar Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) ucalan “Çoban” və “Azərbaycanlı qadın” heykəlləri Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan müəllif qəlibləri üzrə yenidən hazırlanacaq və əvvəlki yerlərində qoyulacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Moskva Mədəni İrs Departamentinin (“Mosqornasledie”) mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir: “Əvvəllər XTNS-in “Hesablama texnikası və informatika” adlı 14 nömrəli pavilyonunu (keçmiş “Azərbaycan SSR” pavilyonu) bəzəyən “Çoban” və “Azərbaycanlı qadın” heykəlləri Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan müəllif qəlibləri üzrə yenidən hazırlanacaq və əvvəlki yerlərində qoyulacaq”.
Mətbuat xidmətindən xatırladıblar ki, 14 nömrəli pavilyon 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi əsasında Azərbaycan SSR-in pavilyonu üçün tikilib. Azərbaycan heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun 1950-1951-ci illərdə ərsəyə gətirdiyi “Çoban” və “Azərbaycanlı qadın” heykəlləri uzun müddət bu pavilyonun əsas fasadını bəzəyiblər. Heykəltəraş “Çoban” heykəlini yaratdığına görə Stalin mükafatına layiq görülüb. Sənədli tədqiqatlar və məsləhətləşmələr zamanı Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda müəllifin gipsdən düzəldilmiş orijinal qəlibləri, həmçinin heykəllərin daha sonra tuncdan tökülmüş surətləri tapılıb.
Mətbuat xidmətinin məlumatında Moskva Mədəni İrs Departamentinin rəhbəri Aleksey Yemelyanovun sözləri sitat gətirilir: “2018-ci ilin oktyabrında Heydər Əliyev Fondunun dəvəti ilə “Mosqornasledie” və XTNS-in əməkdaşları, habelə bərpaçılardan ibarət nümayəndə heyəti Bakıya səfər edib. Müzakirə olunan məsələlər arasında gələcəkdə sərginin ərazisində Azərbaycanın milli mərkəzi olacaq pavilyonun bərpası işləri də var idi. Məhz orada razılığa gəlindi ki, 1960-cı illərədək binanın fasadını bəzəmiş və sonradan itirilmiş “Çoban” və “Azərbaycanlı qadın” heykəllərinin surətləri çıxarılsın. Bunu sərginin profilinin sahələr üzrə dəyişməsi və bir çox pavilyonların rekonstruksiyasından əvvəl etmək lazımdır”.
Qeyd olunur ki, mütəxəssislər bakılı həmkarları ilə muzey fondundan iki müəllif qəlibinin surətinin çıxarılması imkanlarını müzakirə ediblər. Onlara baxış keçirilib və kompozisiyanın itirilmiş elementlərinin yenidən bərpasına dair qərar verilib. Bərpa işləri başa çatdıqdan sonra bu fiqurların silikon formaları hazırlanacaq, həmçinin yeni heykəllərin yaradılması və öz tarixi məkanında qoyulması üçün Moskvaya göndəriləcək. Heykəllərin bərpası, formasının yenidən yaradılması, daşınması və XTNS-də qoyulması üzrə bütün işlər Heydər Əliyev Fondu tərəfindən təşkil olunacaq.
Mətbuat xidmətində onu da bildiriblər ki, 14 nömrəli pavilyonun tarixi simasının bərpası məqsədilə mütəxəssislər XTNS-dəki əsas fasadın qarşısında iki fəvvarə camı, keramik plitələr, divarların və sütunların mərmər üzüklərində mozaika elementləri və naxışlardan ibarət kompleks yaradacaqlar. Bunlarla yanaşı, vitraj-şəbəkələri qismən bərpa etməklə, qoz ağacından hazırlanmış autentik Azərbaycan məhəccərləri də hazırlanacaq. Eyni zamanda, qranitdən olan giriş pilləkənləri, kürsülük, divarların mala qatı, əsas fasadın keramik dekoru, metal pəncərə barmaqlıqları və sütunların altındakı daş plitələr də yenilənəcək.
Bərpa işlərinin 2019-cu ildə başa çatması nəzərdə tutulur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva