MƏDƏNİYYƏT
Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin xatirəsi anılacaq
Bakı, 16 mart, AZƏRTAC
Martın 18-də Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşir) ölümünün 40 ili tamam olur.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə ikinci Fəxri xiyabanda musiqi ictimaiyyətinin iştirakı ilə sənətkarın məzarı ziyarət olunacaq.
Qeyd edək ki, Xan Şuşinski milli musiqi tariximizdə özünəməxsus, şərəfli yer tutur. O, hələ yeniyetmə vaxtlarından xanəndəliyə başlayıb, tanınmış sənətkar İslam Abdullayevdən dərs alıb. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını verib.
Xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub. Yaradıcılıqla məşğul olduğu 60 ilə yaxın vaxt ərzində öz sənəti ilə xalqa xidmət edib.
Xan Şuşinski müstəsna istedadı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində hələ gənclik illərində şöhrət qazanıb, Azərbaycan muğamlarını zənginləşdirib, bir neçə muğama yeni xallar, guşə və şöbələr əlavə edib. Klassik xanəndələrin ənənələrinin layiqli davamçılarından olan istedadlı sənətçi oxuduğu muğamlarda gəzişmə və zəngülələrdən məharətlə istifadə edib.
O, 1924-cü ildən keçmiş SSRİ-nin bir çox şəhərlərində uğurla çıxış etməklə, muğam sənətini ayrı-ayrı xalqların nümayəndələrinə sevdirə bilib və musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərib. Vaxtilə onun böyük məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Bayatı şiraz”, “Mahur”, “Mirzə Hüseyn segahı”, “Şahnaz”, “Şur”, “Çahargah” və “Heyratı” muğamları, bir sıra təsniflər, “Qara qaşın vəsməsi”, “Apardı sellər Saranı”, “Girdim yarın bağçasına” xalq mahnıları, milli musiqi mədəniyyətimizdə xüsusi yer tutan bu gözəl sənət nümunələrini dinləyənlərin yaddaşına əbədi həkk olunub.
Xan Şuşinski əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Müəllifi olduğu “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl” mahnıları dillər əzbəri olub. O, öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Üzeyir Hacıbəylinin "Qara göz" mahnısının ilk ifaçısı olub və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb.
1959-cu ildə Moskva şəhərində keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə sənətkarın çıxışı yüksək qiymətləndirilib.
Ustad sənətçinin gənc xanəndələrin yetişdirilməsində də əməyi olub. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələri əsasında məktəb yaratmış görkəmli xanəndə, bütün səy və bacarığını istedadlı ifaçıların yeni nəslinin inkişafına sərf edib.
1943-cü ildə o, milli musiqi mədəniyyəti sahəsindəki uğurlarına görə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüş, “Şərəf nişanı” ordeni və medallarla təltif olunub.
Xan Şuşinski 1979-cu il martın 18-də vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub.