ELM VƏ TƏHSİL


Xanlıq kəndində toxunan xalçalar hər zaman məşhur olub

Bakı, 30 oktyabr, AZƏRTAC

Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra onun tərkibinə daxil edilib. 1969-cu ildə burada dövlət yaşıllığı yaradılıb. Rayonda 13.2 min hektar meşə sahəsi vardır. Palıd meşələri, meyvə ağacları, buz bulaqlar rayona daha çox gözəllik qatırdı. Çox təəssüflər olsun ki, Qubadlı meşələri ermənilər tərəfindən qırılaraq Ermənistana və ya xarici ölkələrə daşınıb. Rayon ərazisindən iki böyük dağ çaylı keçir. Həkəri çayı öz mənbəyini Kəlbəcərdən götürüb. Bərgüşad çayının mənbəyi isə Ərikli dağlarından başlayır. Kür-Araz mədəniyyətinin ən parlaq nümunələri Bərgüşad və Həkəri çayları arasındakı maddi mədəniyyət nümunələridir. Tarixi qaynaqlarda Qubadlının qədim türklərin yaşayış məskənlərindən olduğu dönə-dönə vurğulanıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, tarixçi-alim İbrahim Zeynalov söyləyib. O bildirib ki, Xanlıq – Azərbaycan Respublikasının Qubadlı rayonunun Xanlıq kənd inzibati ərazi dairəsində kənddir. Xanlıq kəndi əvvəllər kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşir oğlu Mehrəli bəy Sarıcalı-Cavanşirin malikanəsinin adı olub. Sonralar mülkün ətrafında salınan kənd də onun adı ilə adlandırılıb. Oykonim “xana məxsus mülk, malikanə” mənasındadır. 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Kəndin adı ermənilər tərəfindən dəyişdirilərək İşkanadzor adı verilib. Xanlıq kəndi bu ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tarixçi-alim bildirib ki, Xanlıq kəndində toxunan xalçalar hər zaman məşhur olub və öz yüksək keyfiyyəti ilə seçilib. Xanlıq xalçası dünya bazarlarına çıxarılan xalçaların ən yaxşıları hesab edilirdi. Ölkə başçısının böyük diqqət və qayğısı ilə ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər həyata keçirilməkdədir. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz zəngin maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Qədim Azərbaycan tarixi çox belə dağıntıların və talanların şahidi olub. Azərbaycanın bütünlüklə tarixinin, onun maddi-mənəvi sərvətlərinin özündə minilliklər boyu qoruyub saxlayan Qubadlı işğaldan azad olduqca dağılmış, talan edilmiş qədim yaşayış məntəqələrindəki tariximizin, mədəniyyət və mənəviyyat abidələrimizin yenidən bərpası isə vətəndaşlıq borcu kimi bugünkü nəslin üzərinə düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.