CƏMİYYƏT
Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edən Bakı şəhərinin Xətai rayonunun ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin noyabrın 13-də Gəncə, Şəmkir, Göygöl şəhər və rayonlarına yolasalma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Xətai rayonundakı Heydər Əliyev parkında təşkil olunan tədbirdə əvvəlcə məktəblilər Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Yolasalma mərasimində konsert proqramı təşkil olunub, məktəblilər müxtəlif kompozisiyalar nümayiş etdirib, şeirlər söyləyiblər.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev məktəblilərin dünyagörüşünün zənginləşməsində tur-aksiyanın önəmini vurğulayıb. Bildirib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası bir neçə ildir uğurla həyata keçirilir. Bu, dövlətimizin məktəblilərə göstərdiyi diqqət və qayğının təzahürüdür. Bu ekskursiyanın şagirdlərin yaddaşında silinməz iz qoyacağını deyən icra hakimiyyətinin başçısı məktəblilərə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov çıxışında bildirib ki, ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmaları, ölkәmizin tarixini dәrindәn öyrәnmələri baxımından bu layihənin böyük əhəmiyyəti var. Tur-aksiya, həmçinin məktəblilərə ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәr, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki dinamik sosial-iqtisadi inkişaf ilə hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır.
Rayonun 27 saylı tam orta məktəbinin şagirdi Razim Məmmədli AZƏRTAC-ın müxbirinə müsahibəsində ekskursiyanın onlarda zəngin təəssürat yaradacağını qeyd edərək deyib: “Ekskursiya zamanı Gəncə, Şəmkir, Göygöl şəhər və rayonlarının təbiəti, tarixi məkanları, görməli yerləri, muzeyləri ilə tanış olacağıq. Qayıtdıqdan sonra sinif yoldaşlarımıza, dostlarımıza orada gördüklərimiz barədə danışacağıq. Biz məktəblilərə belə bir layihə hədiyyə etdiyinə görə Prezidentimizə minnətdarlığımızı bildiririk”.
Xətai rayon 264 saylı tam orta məktəbin şagirdi Çinarə Süleymanlı qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya məktəblilərə Vətənimizi daha yaxından tanımaq baxımından geniş imkanlar açır. O deyib: “Mən bu tur-aksiyada ilk dəfədir iştirak edirəm. Bu layihədə iştirak etmək arzumun reallaşdığına görə çox sevinirəm. Tur-aksiya ölkəmizi daha yaxından tanımaq baxımından bizim üçün çox əhəmiyyətlidir. Buna görə dövlətimizin başçısına minnətdarıq. Bu layihə bizə Vətənimizi daha çox sevməyi öyrədir. Vətəni sevmək üçün isə onu görmək və yaxından tanımaq lazımdır”.