CƏMİYYƏT
Xətai rayonunda karantin qaydaları pozularaq qapalı zalları və kabinetləri fəaliyyət göstərən restoran aşkarlanıb VİDEO
Bakı, 29 avqust, AZƏRTAC
Xətai rayonunda karantin rejimi qaydalarını pozan ictimai iaşə obyektlərinin müəyyənləşdirilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbir həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə rayon ərazisində xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən edilən vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının Telnov küçəsində keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, “Legenda – Music Hall Lounge” restoran - musiqi əyləncə mərkəzinin qapalı zallarında və kabinetlərində qəlyan avadanlıqlarından istifadə olunur.
Tədbir nəticəsində sanitar-epidemioloji normaları pozan 46 müştəri barədə qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə müştərilər barələrdə protokollar tərtib olunaraq, onların hər biri 200 manat cərimə edilib. Obyektin icarədarı isə kobud inzibati qayda pozuntusuna yol verərək sanitar-karantin qaydalarını pozduğu üçün 6 min manat cərimə olunub.
Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı polis əməkdaşları tərəfindən zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.