İQTİSADİYYAT
Xəzər Dəniz Layihə Elmi Tədqiqat İnstitutu “ISO 9001:2015” beynəlxalq keyfiyyət sertifikatı alıb
Bakı, 20 avqust, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Layihə Elmi Tədqiqat İnstitutu (“Xəzərdənizlayihə ETİ”) “ISO 9001:2015” Keyfiyyət İdarəetmə Sistemi standartına uyğun olduğunu təsdiq edən sertifikata layiq görülüb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, sertifikat “Büro Veritas” təsnifat cəmiyyəti tərəfindən aparılan audit nəticəsində verilib.
“ISO 9001:2015” sertifikatı idarəetmə və müştəri məmnuniyyətini qazanmaq istiqamətində görülən işləri müəyyən edən ən müasir beynəlxalq standartların tətbiqini nəzərdə tutur. Bu sertifikat instituta yeni layihələrdə iştirak etməyə, layihə işlərinin keyfiyyətini artırmağa və davamlı inkişafın təmin edilməsinə imkan verəcək.
1930-cu ildən fəaliyyət göstərən institutda hazırda Xəzər Dəniz Neft Donanması üçün yeni gəmilər layihələndirilir. Bu gəmilərin inşası “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun gəmi tikintisi sahəsində aparılır. İnstitut tərəfindən 300kVt gücə malik təchizat, dənizin dərinliyi 60 metrədək olan sahələrdə işləmək üçün dalğıc və sahilyanı dəniz neft obyektlərinə işçiləri daşımaq üçün nəzərdə tutulan 70 nəfərlik sərnişin katerlərinin layihələri uğurla icra olunur.
“Xəzərdənizlayihə ETİ” ASCO-nun sifarişlərindən əlavə olaraq, kənar təşkilatlar üçün də layihələr yerinə yetirir.