İQTİSADİYYAT
Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində aparılmış auditin nəticələri təsdiqlənib
Bakı, 29 iyul, AZƏRTAC
Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2014-2015-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, mərkəzdə mövcud olmuş ünvanlı dövlət sosial yardımı üzrə ümumilikdə 24649 nəfəri əhatə edən 6149 və sosial müavinət üzrə 8687 iş yoxlama qrupu tərəfindən risk əsaslı seçmə üsulla araşdırılıb. Mərkəz tərəfindən 2014-cü ildə 2798, 2015-ci ildə 3351 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib, həmin dövrdə 1 ailəyə düşən ünvanlı dövlət sosial yardımının məbləği müvafiq olaraq 172,8 manat və 156,2 manat təşkil etmiş, sosial müavinətlər və təqaüdlər üzrə auditin əhatə etdiyi dövr ərzində 1147 nəfərə yeni və 509 nəfərə təkrar təyinat aparılıb, 699 iş üzrə ödəniş müxtəlif səbəblərdən dayandırılıb. Ümumilikdə, audit tədbiri 20567,8 min manat məbləğində vəsaiti əhatə edib.
Ünvanlı dövlət sosial yardımı üçün müraciətlərə baxılması və yardımın təyin edilməsi ilə bağlı fəaliyyətin araşdırılması zamanı mərkəz tərəfindən ünvanlı dövlət sosial yardımın təyin edilməsi zamanı bir sıra hallarda yardımın təyin edilməsi üçün sənədlərin qəbulu və onlara baxılması üzrə qanunvericiliyin tələblərinə əməl edilmədiyi, ailənin gəlirlərinin hesablanması zamanı əksər hallarda edilmiş maddi köməkliklərin heç bir təsdiqedici sənəd olmadan ailənin gəlirlərinə daxil edildiyi, bir sıra hallarda ailənin sosial müavinət və əmək pensiyaları və digər mənbələrdən gəlirlərinin nəzərə alınmadığı, eləcə də üzrlü səbəblərdən işləməyən ailə üzvlərinin düzgün nəzərə alınmadığı, eyni zamanda, ailənin istifadəsində avtomobilin olması faktlarının ətraflı araşdırılmadığı müəyyən olunub.
Mərkəz tərəfindən bir sıra ünvanlı sosial yardım işləri üzrə hesablardakı vəsaitin həmin ailələrin aztəminatlılıq və dövlət yardımına ehtiyac prinsiplərinə uyğun olmayaraq 3 aydan artıq müddətdə alınmaması araşdırılmayıb, ödəniş müəssisəsinin dəyişilməsi ilə əlaqədar ünvanlı dövlət sosial yardımı, həmçinin sosial müavinət və təqaüd işləri üzrə bağlanmış hesablar üzrə qalıqların həmin hesablarda saxlanılması ilə büdcə vəsaitlərinin səmərəsiz istifadəsinə yol verilib.
Sosial müavinətlər və təqaüdlər üzrə fəaliyyətin auditi zamanı 177 halda işlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında dayandırılmadığı, müxtəlif əsaslı səbəblərdən dayandırılmış işlər üzrə qeydiyyat və uçotun düzgün aparılmadığı, müvafiq sorğularının ətraflı araşdırılmaması nəticəsində təqdim edilmiş məlumatlar əsasında 19 nəfər əmək pensiyası hüququ olan şəxsə sosial müavinət ödənildiyi müəyyən olunub.
Hesablama Palatasının Kollegiyası Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilib.
Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə və aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilib.
Məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.