CƏMİYYƏT
Xəzər rayonunda tullantıların qanunvericiliyə uyğun qaydada idarə edilmədiyi faktı aşkarlanıb
Bakı, 30 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin, eləcə də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Xəzər rayonu ərazisində tullantıların idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reyd zamanı rayonun Mərdəkan qəsəbəsi ərazisində-28 May küçəsi ilə A.Aslanov küçələrinin kəsişməsində tullantıların qanunvericiliyə uyğun qaydada idarə edilmədiyi müəyyənləşib.
Faktla bağlı əraziyə cavabdeh Mərdəkan Bələdiyyəsinin sədri Mirbaba Hüseynov barəsində protokol tərtib edilib. Bələdiyyə sədri inzibati qaydada vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimələnib.
Tullantıların qısa vaxt ərzində təmizlənməsi üçün M.Hüseynova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.