İQTİSADİYYAT
Xəzər regionunda boru izolyasiyası və örtüklənməsi sahəsində təklif etdiyi xidmətlərə görə “Caspian Pipe Coatings” nadir müəssisə kimi fəaliyyətini davam edir
Bakı, 23 noyabr (AZƏRTAC). Ulu öndər Heydər Əliyevin neft strategiyasının reallaşmasında “Caspian Pipe Coatings” MMC-nin (CPC) də özünəməxsus yeri vardır. Xəzər regionunda boru izolyasiyası və örtüklənməsi sahəsində təklif etdiyi xidmətlərə görə “Caspian Pipe Coatings” (CPC) indi də nadir bir müəssisə kimi fəaliyyətini davam edir.
AZƏRTAC xəbər verir ki, on il əvvəl, 2003-cü il oktyabrın 3-dən fəaliyyətə başlayan şirkət 2007-ci ildən yerli müəssisə kimi dövlət qeydiyyatından keçmişdir. Müəssisənin təsisçiləri Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərtrans MMC-dir. Son 10 ildə CPC regionun neft və qaz sektorunda müasir, qabaqcıl və etibarlı izolyasiya və örtükləmə texnologiyalarını tətbiq etməklə, uğurla fəaliyyət göstərir və bu müddətdə 2 min 400 kilometrdən artıq müxtəlif diametrli boruların izolyasiyası və örtüklənməsi işlərini müvəffəqiyyətlə başa çatdırmışdır. Müəssisə bir sıra əhəmiyyətli layihələrdə müvəffəqiyyətlə iştirak etmiş, ARDNŞ və bp-nin sifarişləri ilə Azəri-Çıraq-Günəşli yataqlar bloku, “Şahdəniz” yatağının Bakı-Tbilisi-Ceyhan kəmərində istifadə edilən boruların bir hissəsinin, “Lay suları”, “Neft daşları-Bahar” və “Bahar-Hövsan” layihələrində müxtəlif diametrli boruların betonla örtüklənməsini uğurla başa çatdırmışdır. Bunlardan əlavə, CPC Qazaxıstanda “Kaşaqan” və Türkmənistanda “Draqon Oil” şirkətinin sifarişi ilə “Jdanov yatağında boru xətlərinin tikilməsi” layihələrində müxtəlif diametrli boruların təmiri və örtüklənməsi işlərini aparmışdır. Keçən il CPC “Çıraq“ və “Ümid” layihələri çərçivəsində boruların korroziyaya qarşı izolyasiyası və betonla örtüklənməsi işlərini müvəffəqiyyətlə bitirmişdir.
MMC fəaliyyəti dövründə həyata keçirilmiş regional və yerli əhəmiyyətli layihələrin icrası ilə respublika iqtisadiyyatının inkişafına da töhfə verməkdədir.
Müəssisə 2005-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən “Lay suları” layihəsi çərçivəsində sağlamlığın, texniki təhlükəsizliyin və ətraf mühitin mühafizəsi sahəsində yüksək göstəricilərə görə, 2007-ci ildə ABƏŞ və bp tərəfindən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrinin uğurla başa çatdırılması münasibətilə mükafatlara layiq görülmüşdür.
Son 10 il də “Caspian Pipe Coatings” 20 beynəlxalq, regional və yerli əhəmiyyətli layihəni uğurla başa çatdırmışdır. Növbəti illərdə həyata keçirilməsi nəzərdə tutulmuş “Şahdəniz-2” layihəsinin icrası ilə bağlı hazırlıq işləri görülür.