CƏMİYYƏT


“Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında iməcilik keçirilib   YENİLƏNİB VİDEO

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 9-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında iməcilik keçirilib.

AZƏRTAC xəbər verir ki, “Xəzər günü” ilə əlaqədar keçirilən aksiyada ETSN əməkdaşları, YAP nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər, həmçinin “AzEkol” MMC, “Təmiz şəhər” ASC, “Azərsun Holdinq” MMC, Qafqaz Regional Ekoloji Mərkəzinin Azərbaycan ofisinin nümayəndələri iştirak ediblər. Aksiya zamanı 10 hektar ərazi tullantılardan təmizlənib və tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib ki, 2006-cı il avqustun 12-dən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur. F.Əliyev tədbirin məqsədinin Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə əməkdaşlığı gücləndirmək olduğunu bildirib. Nazir müavini ölkə başçısının hər zaman ekologiya və ətraf mühit məsələlərinə xüsusi diqqət yetirdiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan Xəzərətrafı ölkələr arasında dənizin mühafizəsinə kompleks yanaşan yeganə ölkədir. Belə ki, həmin məqsədlə nazirliyin nəzdində Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi də fəaliyyət göstərir.

Nazir müavini dəniz ətrafındakı iaşə obyektlərinin sahiblərinə də müraciət edib. O, tullantı sularının təmizlənmədən dənizə axıdılmaması üçün təmizləyici qurğuların quraşdırılmasının vacibliyini diqqətə çatdırıb. F.Əliyev çimərliyə gələnləri qida qalıqlarını dənizə atmamağa çağırıb.

Sentyabrın sonuncu həftəsinin Beynəlxalq Dəniz Günü kimi qeyd edildiyini deyən nazir müavini həmin ərəfədə də tədbirlər keçiriləcəyini vurğulayıb.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov təmizlik aksiyasının əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən uğurlu siyasətdən bəhs edib, dövlət başçısının ekoloji məsələlərə xüsusi diqqət yetirdiyini bildirib: “Bu gün Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Xəzər dənizinin Buzovna sahilində “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında kütləvi təmizlik aksiyası keçirilir. YAP-la ETSN birgə fəaliyyət planı haqqında sənəd imzalayıb. Biz ardıcıl olaraq bu proqramları yerinə yetiririk. Bundan öncə isə hər iki qurumun birgə təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsində gənc nəslin rolu” mövzusunda yay məktəbi təşkil olundu. Biz hamımız bir yerdə həmin yay məktəblərində iştirak etdik. Təbii ki, bundan sonra digər proqramların icrası həyata keçiriləcək. Həmin layihələr Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tapşırığı əsasında icra olunur”.

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, “ASAN Radio”nun direktoru Emin Musəvi və başqaları tədbirin əhəmiyyətindən danışıb, ətraf mühitin mühafizəsində cəmiyyətin bütün üzvlərinin iştirak etməsinin vacibliyini vurğulayıblar.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycana aid şimaldan-cənuba qədər sahil zolağı boyunca bu cür təmizlik aksiyaları əvvəllər də keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.