REGİONLAR
Xırdalan şəhərində fəaliyyət göstərən ictimai iaşə müəssisələrində reyd keçirilir
Xırdalan, 20 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalan şəhərində fəaliyyət göstərən ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərinə riayət olunub-olunmamasını müəyyənləşdirmək məqsədilə reyd keçirilir.
AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargahın üzvlərinin, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların iştirakı ilə baş tutan reydlər zamanı COVID-19 pandemiyası dövründə açıq havada fəaliyyət göstərən kafe və restoranlarda virusa yoluxma hallarının qarşısının alınması məqsədilə həmin müəssisədə təmizlik və dezinfeksiya işlərinin dövriliyinə, dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına riayət edilməsi məsələləri araşdırılıb.
Eyni zamanda, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun qurulması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə kafe və restoranlarda xidmət personalı ilə söhbətlər aparılıb.
Reydlər zamanı açıq havada fəaliyyət göstərən əksər iaşə obyektlərində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, burada qaydalara düzgün riayət edilməsi müəyyən edilib. Aşkar edilən nöqsanlar yerində aradan qaldırılıb və mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxsləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.