CƏMİYYƏT
Xırdalanda bir ədəd top mərmisi aşkar edilib
Bakı, 5 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin prospektdə məişət tullantıları ərazisinə baxış keçiriblər. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 115 millimetrlik top mərmisi (boş) aşkar olunaraq götürülüb və mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin tapıldığı yerin ətrafında 50 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.