REGİONLAR
Xırdalanda ödənişsiz riyaziyyat kursları təşkil olunacaq
Xırdalan, 29 mart, AZƏRTAC
Xırdalan şəhərində Riyaziyyat Evi açılıb. Məktəblilərə ödənişsiz riyaziyyat kurslarının keçirilməsi məqsədilə yaradılan bu ev Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Qafqaz Universitetinin təşkilatçılığı ilə ərsəyə gəlib.
AZƏRTAC xəbər verir ki, təcrübəli müəllimlər tərəfindən keçiriləcək kurslar 7-8-ci sinif şagirdləri, həmçinin olimpiadaya hazırlaşanlar üçün nəzərdə tutulub. Burada həndəsə və riyaziyyat fənlərindən çətin olan teoremlər iştirakçılara izah ediləcək.
Şahmat Məktəbinin binasında təsis edilən ödənişsiz kursların keçirilməsinin başlıca səbəblərindən biri isə şagirdlərin nəzərdə tutulmuş fənlərə marağını artırmaqdır. Riyaziyyat olimpiadasına hazırlıq dərsləri Qafqaz Universitetinin tələbələri tərəfindən aparılacaq.