QAN YADDAŞI
Xocalı faciəsi - qan yaddaşımız...
Bakı, 25 fevral, AZƏRTAC
Yasamal rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi - qan yaddaşımız” adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib və Xocalı faciəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri mərkəzin əməkdaşı Azər Zeynalzadə açaraq ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb.
Sonra Yasamal Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Nazilə Rəhimova çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu bildirib.
Yasamal rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Vaqif Məmmədov Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi məqsədilə görülən işlərdən danışıb. O, bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasını xüsusi qeyd edib.
Tədbirdə Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub.
Sonda Ağdam rayon 88 nömrəli tam orta məktəbin və Şuşa şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin ifalarında “Firuzə qaşlı üzük”, “Mən Xocalıyam” adlı kompozisiya və səhnələr göstərilib, şeirlər söylənilib.