QAN YADDAŞI
Xocalı sakini: Ermənilərin şəhər sakinlərinə qarşı etdikləri soyqırımı heç vaxt unudulmamalıdır
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı faciəsindən 29 il keçməsinə baxmayaraq, ermənilərin şəhər sakinlərinə qarşı etdikləri soyqırımı heç zaman unudulmamalıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində fevralın 26-da Xocalı soyqırımı abidəsini ziyarət edən Xocalı sakini Kifayət Əsədova deyib.
K.Əsədova bildirib ki, artıq fevralın 25-i axşam çağından başlayaraq şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdı. Fevralın 26-ı səhər saat 5 radələrində isə şəhər tam alova bürünmüşdü. Erməni silahlı dəstələrinin əhatəsində qalan şəhər sakinləri canlarını qurtarmaq üçün Ağdam istiqamətində qaçmağa məcbur oldular. Heç bir yerdən kömək yox idi: “Mənim əmim qızı ilə yanaşı, digər yaxın qohumlarım o hadisələr zamanı şəhid oldular. Gecə vaxtı meşə ilə qaçanda ərim yaralandı və qan içində gəlib çıxdı. Mənim üçün o müdhiş gecəni bir daha xatırlamaq çox ağırdır”.
Xatırladaq ki, Xocalı soyqırımı zamanı 63 uşaq, 106 qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib. Həmçinin 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.