ELM VƏ TƏHSİL
Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-1 və Təhsil-2 fakültələrinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan onlayn dəyirmi masa keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, rektor məsləhətçisi Anar Osmanlı çıxışında Xocalı soyqırımının bəşəriyyətin ən sağalmaz yaralarından biri kimi tarixə düşdüyünü deyib. Qeyd edilib ki, erməni xislətini göstərən Xocalı soyqırımı bəşər tarixinə məlum olan bir çox qətliamlarla müqayisə oluna bilər.
Təhsil-1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov ermənilərin tarixin müxtəlif mərhələlərində törətdikləri qırğınlardan, eləcə də Xocalı soyqırımından bəhs edərək vurğulayıb ki, bu, təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət və açıq terrordur.
Təhsil-2 fakültəsinin dekanı, dosent Salman Nuriyev Xocalı soyqırımının dünya mətbuatında işıqlandırılmasından bəhs edərək bir çox faktları və məqamları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Erməni vandallarının bir çox qəzet və jurnallarda verdiyi ifşaedici müsahibələrdən danışan Salman Nuriyev bildirib ki, hazırda Xocalı soyqırımının bütün dünyaya tanıdılması Azərbaycan xalqının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Digər çıxış edənlər də ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi cinayətlərdən biri olan Xocalı soyqırımının mahiyyəti, faciənin miqyası ilə bağlı bir çox tarixi faktları diqqətə çatdırıblar.
Tələbələrin çıxışları, Azərbaycan və ingilis dilində söylədikləri şeirlər maraqla qarşılanıb. Tədbir Xocalı soyqırımının 29-cu il dönümünə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşıb.