QAN YADDAŞI
Xocalı soyqırımı ermənilərin əsl simasını üzə çıxarır
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan “Xocalı soyqırımı 1918-ci il azərbaycanlıların soyqırımı kontekstində” adlı anım tədbiri keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Mustafa Babanlı Xocalı hadisələrini insanlığa qarşı törədilmiş ən qəddar və dəhşətli faciə kimi səciyyələndirərək dinc sakinlərə qarşı törədilmiş bu soyqırımı aktının mahiyyətindən danışıb. M.Babanlı Xocalı soyqırımının ermənilərin Azərbaycan xalqına qarşı tarixən törətdiyi insanlığa qarşı cinayətlərin sırasında xüsusi amansızlığı ilə seçildiyini qeyd edərək bu vandal aktının bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi dünya miqyasında tanıdılmasının əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Respublikasının apardığı təbliğat işləri, xüsusilə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılan “Xocalıya ədalət!” kampaniyası sayəsində dünya ictimaiyyətinin Xocalı faciəsi haqqında məlumatlılıq səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını qeyd edib. Rektor bu istiqamətdə fəaliyyətin erməni qəsbkarlarının cinayətkar əməllərinə beynəlxalq hüquqi qiymət verilməsinə nail olunanadək aparılmasının vacibliyini bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev ermənilərin yüz illərlə Azərbaycan torpaqlarına olan ərazi iddialarından və mənfur niyyətlərindən söz açıb. İ.Vəliyev Xocalı soyqırımı ilə ermənilərin əsl simasının üzə çıxdığını vurğulayıb.