REGİONLAR
Xocalı soyqırımında qətlə yetirilən 63 uşağın xatirəsi eyni sayda şam ağacının əkilməsi ilə əbədiləşdirilib
Goranboy, 10 fevral, Rauf Hacıyev, AZƏRTAC
Xocalı soyqırımında qətlə yetirilən 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə Goranboy rayonunun Meşəli qəsəbəsində eyni sayda şam ağacı əkilib.
AZƏRTAC xəbər verir ki, Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı bu qəsəbədə keçirilən aksiyada rayon icra hakimiyyətinin məsul işçiləri, Meşəli kənd nümayəndəliyi, sakinlər, orta məktəbin kollektivi və şəhid ailələri iştirak ediblər.
Aksiyada 63 şam ağacı əkilib. Erməni quldurları tərəfindən öldürülmüş uşaqların adlarının, doğum və qətlə yetirildikləri tarixlərin əks olunduğu lövhələr onların xatirəsinə əkilən ağacların qarşısında torpağa sancılıb. Aksiyada çıxış edən Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları tərəfindən şəhərin bütün sakinləri kimi 63 uşaq da amansızlıqla soyqırımına məruz qalıb. Müdhiş gecənin dəhşətlərindən danışan L.Qarayeva qeyd edib ki, soyqırımı zamanı özü də bu gün xatirəsi yad edilən uşaqlarla həmyaş olub və yalnız təsadüf nəticəsində sağ qalıb.