QAN YADDAŞI
Xocalıda xalqımıza qarşı törədilən cinayət cəzasız qalmamalıdır
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Xocalı soyqırımının 26-cı ildönümü qeyd edilib.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamal Hüseynov Xocalı hadisələrini XX əsrin ən böyük faciələrindən biri kimi xarakterizə edib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət verilib.
Professor Nəriman İsmayılov çıxışında 26 il bundan əvvəl erməni silahlı qüvvələrinin dinc Xocalı sakinlərinə qarşı törətdiyi soyqırımını Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu bildirib. Alim bu günədək dünya birliyinin soyqırımına lazımi qiymət vermədiyini deyib.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Ermənistanın Azərbaycana hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməli, xalqımıza qarşı törədilən cinayət cəzasız qalmamalıdır. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Xocalıda törətdiyi hərbi cinayətə əsl soyqırımı hadisəsi kimi siyasi-hüquqi qiymət verməlidir.