ELM VƏ TƏHSİL


Xoşbulaq yaylağında 3 min il əvvələ aid dini ibadətgah yeri aşkarlanıb

Bakı, 15 sentyabr, AZƏRTAC 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən arxeoloji ekspedisiyası rayon ərazisində dəniz səviyyəsindən 2000 metr yüksəklikdə - Xoşbulaq yaylağında arxeoloji qazıntı işləri aparıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiya müddətində bölgədə qeydə alınmış kurqan tipli arxeoloji abidə tədqiq edilib. Kurqanın üst örtüyünün perimetri boyunca iri qaya daşlarından ibarət kromlexi (kromlex - sakral xarakterli dairəvi daş düzümü) olub. Kurqanın qəbir kamerası daş qutu tipindədir. Kamera iri sal qaya daşlarından dördkünc formada hazırlanmaqla üzəri sal daşlarla örtülüb. Qəbir kamerasından aşkar edilən insan skeletinin qalıqları və maddi mədəniyyət nümunələri əsasında kurqanın bir qadına məxsus olduğu müəyyən edilib. İnsan üzü şərqə doğru olmaqla sağ tərəfi üstə bükülü vəziyyətdə dəfn olunub. Kurqan kamerasından aşkar edilən artefaktlar əsasən metal və mineral daşlardan hazırlanmış bəzək əşyaları ilə təmsil olunur. Abidədən aşkar edilmiş maddi mədəniyyət nümunələrinin müqayisəli təhlili onun Son Tunc - İlk Dəmir dövrü ilə tarixlənərək Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti daşıyıcılarına məxsus olduğunu göstərir.

Bununla yanaşı, ekspedisiya müddətində ərazidə tədqiq olunmuş, biri digərindən 20 metr aralı olan iki kurqan arasında aparılan qazıntılar zamanı mütəxəssislərin xüsusi marağına səbəb olmuş tikili qalığı aşkarlanıb. İlkin nəticələrə əsasən, qaya daşlarından dördkünc formada inşa edilmiş bu tikilinin ibadətgah və ya hər hansı dini ritual məkan olduğu təxmin edilir. Tikili qalığının içərisindən aşkar edilmiş maddi mədəniyyət nümunələri onun kurqanlarla eyni dövrə aid olduğunu göstərir. Dini ritual tikili qalığının içərisindən ocaq izləri və daşdan hörülmüş xüsusi hücrələr aşkar edilib. Tikilinin salamat qalmış divarlarının hündürlüyü bir metrə yaxındır. Tikili qalığından aşkarlanmış dəlillər və arxeoloji nümunələr üzərində tədqiqatlar davam etdirilir.

Arxeoloji ekspedisiya zamanı Xoşbulaq kəndinin kənarında, Xoşbulaq çayının sağ sahilində bir ədəd daş qutu qazılaraq tədqiq olunub. Qaya daşlarından hazırlanmış qəbir kamerasının üzəri iki ədəd sal qaya ilə örtülüb. Daş qutudan 6 ədəd saxsı qab nümunəsi, bir ədəd tunc kəmər, bir ədəd dəmirdən hazırlanmış xəncər və bir insan skeletinin qalıqları aşkar edilib.

Arxeoloji abidələrdən tapılmış nümunələr laborator şəraitdə tədqiq edilmək üçün Arxeologiya və Etnoqrafiya İnstitutuna gətirilib. Mütəxəssislər ərazidə aparılan arxeoloji qazıntıların və elmi nəticələrin Xocalı-Gədəbəy mədəniyyəti tayfalarının dini dünyagörüşləri, dəfn adətləri və ümumilikdə həmin dövrün tarixinin öyrənilməsində böyük əhəmiyyət kəsb etdiyini düşünürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.