ELM VƏ TƏHSİL
Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfransa məqalə qəbul edilir
Bakı, 27 yanvar, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində iyunun 14-də “Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa məqalə qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, qəbulu aprelin 15-dək aparılır. Məqalənin tərtib olunması qaydaları və şərtləri ilə Ədəbiyyat Muzeyinin səhifəsində tanış olmaq mümkündür. Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.
Konfrans “Xurşidbanu Natəvanın mühiti, həyatı, ədəbi-mədəni irsi”, “Azərbaycanda və Yaxın Orta Şərqdə ədəbi və musiqili məclislər ənənəsi”, “Qarabağın ədəbi-mədəni irsi bölgədə və Azərbaycan ətrafında cərəyan edən tarixi ictimai-siyasi proseslərin kulturoloji salnaməsi kimi”, “Tarixi məzmunlu “Qarabağnamə”lər və ədəbi abidələrdəki Qarabağ həqiqətləri”, “Yaxın və Orta Şərq ədəbi-mədəni mühiti və tarixi-siyasi proseslərdə yaradıcı və ictimai fəal qadınların yeri”, “Milli dövlətçilik ənənələri kontekstində Azərbaycan xanlıqları və Qarabağ xanlığı” mövzularını əhatə edir.