SİYASƏT
YAPONİYANIN BAŞ NAZİRİ İRAQ PROBLEMİNDƏ TOKİONUN İKİLİ MÖVQE TUTDUĞUNU TƏSDİQ ETMİŞDİR
Yaponiya beynəlxalq birliyin üzvü və ABŞ-ın müttəfiqi kimi İraq problemində məsuliyyətli mövqe tutmalıdır. Bunu Yaponiyanın baş naziri Dzünyitiro Koidzumi parlamentdə bəyan etmişdir. Bununla da o, Tokionun ikili mövqe tutduğunu təsdiq etmişdir. Belə ki, Yaponiya bir qayda olaraq, Birləşmiş Millətlər Təşkilatının mühüm rolunu vurğulayır, lakin eyni zamanda BMT-nin yeni qətnaməsi olmadan da İraqa hücum təqdirində ABŞ-a kömək etməyə hazırdır.
İTAR-TASS-dan AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki,Yaponiya baş nazirinin fikrincə, BMT Təhlükəsizlik Şurasında ABŞ-ın dövlət katibi Kolin Pauellin gətirdiyi dəlillər İraqın kütləvi qırğın silahlarına malik olması barədə şübhələri gücləndirmişdir. Koidzumi demişdir ki, vəziyyətin sülh yolu ilə nizama salınmasının açarı Bağdadın əlindədir.