ELM VƏ TƏHSİL
YAPONİYA HÖKUMƏTİ MƏKTƏB TİKİNTİSİNƏ VƏ TƏHSİLƏ YARDIMI DAVAM ETDİRƏCƏK
Bu barədə dekabrın 2-də təhsil naziri Misir Mərdanovun Yaponiyanın ölkəmizdəki səfiri cənab Toşiyuki Fucivara ilə görüşündə söhbət getmişdir.
Nazirliyin ictimayyətlə əlaqə şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, M.Mərdanov Yaponiyanın səfirliyinin ölkəmizdə milli təhsilin inkişafı ilə bağlı gördüyü işlərdən razılıqla söz açaraq xatırlatmışdır ki, son iki ildə ümumi dəyəri təxminən 1 milyon 380 min ABŞ dolları olan 24 layihə həyata keçirilmişdir. Nəticədə məcburi köçkün uşaqlar üçün Ağdam, Beyləqan, Bərdə şəhərlərində, Astara, Kürdəmir, Lənkəran, Xaçmaz və digər rayonlarda 10-dan artıq məktəb binası tikilərək istifadəyə verilmişdir. Nazir bildirmişdir ki, səfirliyin rəhbərliyi və dəstəyi ilə həyata keçirilən qrant layihəsinə uyğun olaraq, onlarca məktəb təmir olunmuş, texniki avadanlıqla təchiz edilmişdir.
Ölkə Prezidentinin yeni məktəb binalarının tikilməsi, habelə mövcud binaların təmiri məsələsini daim diqqət mərkəzində saxladığını vurğulayan nazir orta ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı dövlətimizin başçısının imzaladığı Sərəncam haqqında da məlumat vermişdir.
Səfir T.Fucivara bu sahədə əməkdaşlığı daha da inkişaf etdirməyə çalışacağını söyləyərək demişdir ki, Azərbaycanda belə layihələrin həyata keçirilməsi üçün əlverişli şərait var.
Görüşdə Yaponiya hökuməti tərəfindən ayrılacaq qrant hesabına Bakı şəhərinin mərkəzində zəlzələyə davamlı iki böyük məktəb binasının tikilib istifadəyə verilməsi ilə bağlı, BDU-nun şərqşünaslıq fakültəsində yapon dilinin tədrisi ilə bağlı laboratoriyaların yaradılması məsələləri, habelə gələn il üçün nəzərdə tutulan digər layihələr də müzakirə olunmuşdur.
Görüş iştirakçıları Naxçıvan Muxtar Respublikasının təhsil sistemi ilə tanışlıq və bu lahiyələr çərçivəsində Muxtar Respublikaya köməklik göstərmək məqsədi ilə yaxın günlərdə həmin bölgəyə birgə səfər etməyi qərara almışlar.