SİYASƏT
YAPONİYA TÜRKİYƏDƏN KÖMƏK DİLƏYİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, aprelin 12-də Yaponiyanın Baş naziri Dzünitiro Koidzumi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İraqda girov götürülmüş yaponların buraxılmasına kömək göstərmək xahişi ilə müraciət etmişdir. Türkiyə hökumətinin başçısı Tokioya rəsmi səfərə gəlmişdir.
Yaponiyanın Baş naziri həmkarı ilə görüşdə demişdir: “İndi bizi ən çox İraq məsələsi narahat edir. Qarşımızda çox çətin vəzifə - üç həmvətənimizi xilas etmək vəzifəsi durur. Bununla yanaşı, biz terrorçuların hədə-qorxularına uya bilmərik”.
Yaponların oğurlanmasına görə məsuliyyəti “Saraya əl-mücahidin (“Mücahidlər briqadası”) təşkilatı öz üzərinə götürmüşdür. Təşkilatın nümayəndələri bildirmişlər ki, Yaponiya öz hərbi kontingentini İraqdan çıxarmasa, girovlar diri-diri yandırılacaqdır.