RƏSMİ XRONİKA
YAP CƏBRAYIL RAYON TƏŞKİLATININ SƏDRİ ARİF FƏRZƏLİYEVİN ÇIXIŞI
Hörmətli xanımlar və cənablar!
Çox hörmətli İlham müəllim, Azərbaycan Prezidenti möhtərəm cənab Heydər Əliyevin tapşırığı ilə tikilmiş bu qəsəbəyə gəlməyiniz münasibətilə bütün Cəbrayıl camaatı adından Sizə minnətdarlığımı bildirirəm. Onların salamını Sizə çatdıraraq, “Xoş gəlmisiniz!” deyirəm.
Cənab Baş nazir!
Hörmətli mərasim iştirakçıları!
İcazənizlə, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş qəsəbənin istifadəyə verilməsinə həsr olunmuş bu tədbiri açıq elan edim.
On ildir ki, bizim məcburi köçkünləri çadır şəhərciyində yaşadan böyük Heydər Əliyev şəxsiyyətinə, onun siyasi xəttinə olan inamdır. Gördüyünüz bu gözəl qəsəbələr, yeni məktəblər, uşaq bağçaları və səhiyyə obyektləri də bu inamın haqlı olduğunu sübut edir. İnanırıq ki, Heydər Əliyevin uğurlu siyasətinin növbəti müjdəsi doğma Qarabağımıza, Cəbrayılımıza qayıtmağımız olacaqdır.
2002-ci il mayın 13-də möhtərəm cənab Prezident Biləsuvar rayonu ərazisində yerləşən 5 çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzaladı. İndi 2560 cəbrayıllı ailəsi bu gün gördüyünüz qəsəbələrdə yeni gözəl evlərə köçmüşdür. Biləsuvar ərazisində çadır şəhərcikləri ləğv edildi. Bütün bu işlərə, Neft Fondunun ilkin vəsaitinin bizim şəraitimizin yaxşılaşdırılmasına yönəltdiyinə görə cənab Prezidentimizə, cənab Baş nazirimizə camaatımız adından dərin minnətdarlığımızı bildiririk.
Heydər Əliyevin neft strategiyasının nəticəsi, bax, bu möhtəşəm qəsəbələrdir. Üzümü özünü müxalifət adlandıran bəzi insanlara tutaraq deyirəm, Cəbrayıl camaatı Heydər Əliyev siyasi xəttini dəstəkləyir, boş-boş vədlər verənlərə, sözlə dağı-dağ üstə qoyanlara inanmır. Heydər Əliyev məktəbinin layiqli davamçısı, Azərbaycanın bayraqlarını Olimpiya zirvələrinə qaldıran, xalqımızın haqq səsini Avropa Şurasında, BMT-nin ali kürsüsündə bütün dünya ictimaiyyətinə çatdıran İlham Əliyevi bütün cəbrayıllılar dəstəkləyir.
Hörmətli mərasim iştirakçıları, bildiyiniz kimi, növbəti prezident seçkiləri ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikasında yaradılmış təşəbbüs qrupu İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyini irəli sürmüşdür. Bu təklifə ilk qoşulanlardan keçmiş 4, 5 nömrəli çadır şəhərciklərində yaşayan 500 nəfərdən ibarət qrupun üzvləri də bu gün bizim aramızdadır.
İcazənizlə, mən onlardan biri Rəhim Rəhimova söz verim.