REGİONLAR
YAP Gəncə şəhər təşkilatının gənc fəalları erməni xislətindən zərərçəkən azyaşlılarla görüşüblər
Gəncə, 13 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Oktyabrın 11-də gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələrinin atdığı və dinc əhaliyə qarşı istifadəsi qadağan olunmuş raket Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarını yerlə-yeksan edib. Erməni vandallarının təcavüzü nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub, həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 34 nəfər yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP Gəncə şəhər təşkilatının gənc fəalları ermənilərin riyakar xislətindən və təcavüzkar siyasətindən zərərçəkən azyaşlılara baş çəkiblər.
Erməni vandalizmi nəticəsində evləri yerlə-yeksan olan və valideynlərini itirən balacalara oyuncaqlar hədiyyə edilib. Gənclər Ermənistanın siyasi-hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutulan binaların altından çıxarılan balacalara gördükləri dəhşətləri unutdurmağa çalışıb, maraqlı söhbətləri ilə onları əyləndirib, məsum üzlərini güldürməyə çalışıblar.