REGİONLAR
YAP Qax rayon təşkilatı Gənclər Birliyinin üzvləri ictimai-siyasi həyatda fəallığı ilə seçilirlər
Qax, 13 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Bu gün sıralarında cəmiyyətin bütün təbəqələrini əhatə edən 730 mindən çox üzvü, o cümlədən 250 minə yaxın gənci birləşdirən Yeni Azərbaycan Partiyası (YAP) ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir YAP Qax rayon təşkilatı Gənclər Birliyinin aprelin 13-də keçirilən V konfransında səsləndirilib.
Konfransdan əvvəl Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Milli Məclisin deputatları - “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Azər Kərimli, partiyanın rayon təşkilatının fəalları ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Konfransda çıxış edən YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov yarandığı gündən Yeni Azərbaycan Partiyasının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi sahədə çox mühüm işlər gördüyünü, cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini bildirib.
Sonra YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri Elbrus Tağıyevin IV konfransdan ötən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi dinlənilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan gənclərinin cəmiyyətdə rolunu artırmaq, ölkəmizin inkişafında iştirakını və məsuliyyətini daha da yüksəltmək kimi vacib məsələlərin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti hazırda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub.
Bildirilib ki, YAP Qax rayon təşkilatının hazırda 4656 nəfər üzvü var. Təşkilat üzvlərinin 43 faizini və ya 2 min nəfərdən çoxunu gənclər təşkil edir. Təşkilatın Gənclər Birliyi fəaliyyətində Prezident İlham Əliyevin siyasətinin uğurlarını təbliğ etməyi özünün başlıca vəzifəsi hesab edir və bu işin öhdəsindən layiqincə gəlməyə çalışır.
Konfransda Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Milli Məclisin deputatları - “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Azər Kərimli çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib, rayon təşkilatının Gənclər Birliyinin üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra təşkilati məsələlərə baxılıb, YAP rayon təşkilatı Gənclər Birliyi şurasının və idarə heyətinin yeni tərkibi müəyyənləşib. Səsvermə nəticəsində Elvin Həsilov YAP Qax rayon təşkilatı Gənclər Birliyinin yeni sədri seçilib. Konfransda, həmçinin YAP Gənclər Birliyinin respublika konfransında iştirak edəcək nümayəndələr də müəyyənləşib.