REGİONLAR
YAP Səbail və Quba rayon təşkilatlarının fəalları Quba soyqırımı məzarlığını ziyarət edib VİDEO
Quba, 29 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail və Quba rayon təşkilatlarının bir qrup nümayəndəsi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, partiya fəalları ərazidəki kütləvi məzarlığı və Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Qeyd edilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.
Komplekslə tanışlıqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazıblar. Bildirilib ki, bu məzarlıq erməni qəsbkarlarının iç üzünün dünyaya çatdırılması üçün canlı nümunədir.
Quba soyqırımı məzarlığını ziyarət etdikdən sonra YAP Quba rayon təşkilatının inzibati binasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.