MƏDƏNİYYƏT


“YARAT”da açılacaq növbəti sərgilər - “Qurban olum” və ya “Heç bir şeir şairini sevməz”

Bakı, 3 mart, AZƏRTAC

Martın 18-də “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış rəssamı Fərid Rəsulovun “Qurban olum” və Amsterdamda yaşayan, kürd əsilli rəssam Ahmet Öğütün “Heç bir şeir şairini sevməz” sərgiləri təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, “YARAT”ın təsisçi rəssamlarından olan Fərid Rəsulov, incəsənət məkanına müqəddəs Qurban bayramına həsr olunmuş əsəri ilə qayıdır. Bu bayramın qeyri-iradi olaraq təmsil etməyə başladığı xəsislik və israfçılığı şübhə altına qoyaraq, rəssam daim inkişaf edən müasir dövrümüzdə qədim təcrübənin yenidən nəzərdən keçirilməsinə həvəs oyatmaq üçün absurd, satira və qrotesk üsullarından istifadə edir. Sərgiyə yeni hazırlanmış heykəllər, rəsm əsərləri və film daxildir.

Daha əvvəl Azərbaycanı 53-cü və 55-ci Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil edən Fərid Rəsulov həm Azərbaycan, həm də daha geniş Şərq ənənələrinə həsr olunmuş əsərləri ilə məşhurdur. O, rəssamlıq, instalyasiya, animasiya, heykəltəraşlıq və 3D qrafikası da daxil olmaqla müxtəlif vasitələrlə işləyir və əsrlərboyu dəyişməyən bu ənənələrə xas olan idealların doğruluğunu əks etdirən xalq sənətkarlığı və mərasimlərindən ilham alır.

Fərid Rəsulov “YARAT”da nümayiş ediləcək öz sərgisi üçün başlanğıc nöqtəsini müsəlmanların əsas bayramı sayılan Qurban bayramından götürür. İbrahim Peyğəmbərin öz oğlunu Allaha qurban verməyə hazır olduğunun rəmzi olaraq, qurbanlıq heyvan ənənəvi olaraq qohumlar, qurban kəsənin öz ailəsi və ehtiyacı olanlar arasında bölüşdürülür. Lakin son zamanlar bu paylaşmaq ənənəsi status və sərvət göstəricisinə çevrilmişdir. Fərid Rəsulov Yuxuların yuxusu adlı yeni filmində xəstəxana palatasında canlandırılan dramatik və eyni zamanda, gülməli süjet yaradır. Filmdə iki həkimin bayram münasibətilə paltar geyindirilmiş bir qoyunu parçalayarkən, üzərindəki çoxlu zinət əşyalarını onun bağırsaqları ilə qarışdıraraq söhbət etdiklərini görmək olar; eyni zamanda, həm olduqca məzəli, həm də istehzalı olan bu səhnə bu mərasimlə əlaqələndirilən absurd maddiyyatçılığa diqqəti çəkir.

Rəssam irəlidə bu filmi instalyasiya şəklində daha da inkişaf etdirir. Geyim, qızıl zinət əşyaları və tibbi avadanlıqlar kimi müxtəlif predmetlər əməliyyat masasına və onun ətrafına qoyulub. Burada tamaşaçı yenidən bu sürrealist və qrotesk ssenari ilə üzləşir. Rəssamın digər əsərləri də onun səciyyəvi adətləri təxribatçı və hazırcavab nöqteyi-nəzərdən ayırdığını göstərir; məsələn, Bakıda geniş yayılmış şiş kabab üsulunu əsas götürən Fərid Rəsulov qalereya divarlarından birini tutan geniş, həndəsi instalyasiya yaradır. Ümumi predmetlərin və hekayələrin repurpozisiyası zamanı rəssam adət-ənənələrin müasir reallıqlar fonunda yenidən qiymətləndirilməsini təşviq edir.

Sərginin sonunda Fərid Rəsulov geniş çeşiddə yeni, irihəcmli rəsm əsərlərini təqdim edir. İllüstrativ yanaşmanın istifadə edildiyi bu əsərlərdə karnaval kimi qeyd edilən Qurban bayramı təsvir edilir. Ənənəvi mərasim zamanı müvafiq şəxslər qurbanlıq qoyunun başını kəsərkən heyvanın ətrafında izdihamın yarandığını görmək mümkündür; burada olan hər kəsi karikaturlaşdıraraq səhnəni satiraya çevirən rəssam bu müqəddəs bayramın sürrealist elementlərini vurğulayır.

Qeyd edək ki, iyunun 14-dək ziyarətçilər üçün açıq qalacaq sərginin kuratoru Suad Qarayeva-Malekidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.