DÜNYA
YASİR ƏRƏFAT 75 YAŞINI QEYD EDİR
Yubilyarın tərcümeyi-halında, ümumiyyətlə, qaranlıq səhifələr çoxdur. Hətta dünyada hamının Yasir Ərəfat, yaxud Əbu Əmmar kimi tanıdığı bu siyasi xadimin hansı ailədə dünyaya göz açdığını heç kim dəqiq bilmir. Onun tam adı Məhəmməd Əbd ər-Rauf Ərəfat əl-Kidva əl-Hüseynidir. Bir versiyaya görə, o, Qahirədə, qüdslü tacir ailəsində, digər versiyaya görə isə, Qüdsdə anadan olmuşdur. Anası çox hörmət edilən Əl-Hüseyni nəslindən, atası əslən Mərakeşin Əl-Kidva kəndindən idi. Bu kəndin əhalisinin əksəriyyəti yəhudilərdir. Ərəfat sonralar Qəzzə bölgəsinə, oradan da Qüdsə getmişdir.
Yasir 5 yaşında ikən anası vəfat edir və o vaxtdan doğma əmisinin evində tərbiyə alır. Doqquz yaşı tamam olanda Qahirəyə atasının yanına gəlir. 1946-cı ildə Qahirə Universitetinə qəbul edilir. Universitetdə iki il oxuyur və eyni zamanda, Fələstinə gizli yolla silah göndərməklə məşğul olur. Sonra təhsilini dayandıraraq, döyüşmək üçün Qəzzə bölgəsinə yola düşür. İsraillə müharibə məğlubiyyətlə başa çatdıqdan sonra o, Texas Universitetində təhsilini davam etdirmək üçün Amerikaya viza almağa cəhd göstərir. Lakin ona ölkədən çıxmağa icazə vermirlər və buna görə də 1951-ci ildə Qahirəyə qayıdır. Orada Ərəfat bütün həyatını siyasi mübarizəyə həsr edir və Fələstin tələbə təşkilatının lideri olur. Altı ildən sonra Küveytə gedir və orada öz firmasını açır. Biznesdən əldə etdiyi gəlirin böyük hissəsini Fələstin diasporu arasında siyasi nüfuzunun artmasına xərcləyir və artıq 1958-ci ildə FƏTH partiyasının banilərindən biri olur.
1964-cü ildə Ərəfat Fələstin Azadlıq Təşkilatını yaradır, 1969-cu ildə onun İcraiyyə Komitəsinin sədri seçilir. Bir ildən sonra ona Fələstin inqilabı qüvvələrinin baş komandanı hərbi rütbəsi verilir. O, əsasən, İordaniya ərazisində fəaliyyət göstərirdi, lakin 1970-ci illərin əvvəllərində məlik Hüseyn FAT-ın xadimlərini ölkədən sürgün edir, Ərəfat da öz tərəfdarlarını Livanda toplamağa məcbur olur. Livan müharibəsi Tunisə sürgün edilir. 1989-cu ildə FAT-ın İcraiyyə Komitəsi onu Fələstin dövlətinin prezidenti seçir.
1994-cü ilin mayında Ərəfat Fələstin milli administrasiyasına - rəsmi özünüidarə orqanına başçılıq edir, 1996-cı il yanvarın 20-də isə Fələstində keçirilən ilk demokratik seçkilərdə təşkilatın sədri seçilir.
1994-cü ildə Yasir Ərəfat “Yaxın Şərqdə sülhə nail olmağa yönəldilmiş səylərə görə” İshaq Rabin və Şimon Pereslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür.