MƏDƏNİYYƏT
YAY qalereyasında Fəxriyyə Məmmədovanın “Dua*s” adlı fərdi sərgisi açılıb
Bakı, 22 aprel, AZƏRTAC
YAY qalereyasında fotoqraf-rəssam Fəxriyyə Məmmədovanın “Dua*s” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, keramikaçı və dizayner üzrə təhsil almış Fəxriyyə Məmmədova Azərbaycan Rəssamlar İttifaqının və Fotoqraflar Birliyinin, həmçinin ölkəmizin müasir incəsənət xadimlərini birləşdirən “Zamanın qanadları” assosiasiyasının üzvüdür. O, 2012-ci ildən YARAT Müasir İncəsənət Məkanının həyata keçirdiyi layihələrin iştirakçısıdır. Fotokameranın hüdudsuz imkanları kreativ dizaynerin əlində, həmçinin xırdalıqlardakı gözəlliyi və əhəmiyyəti ortaya çıxara bilmək bacarığı ilə bərpaçıya xas diqqətcilliyə malik xüsusiyyəti onun yaradıcılığının inkişafı üçün qeyri-məhdud imkanlar yaradıb.
“Dua*s” sərgisi yalnız gündəlik həyatın rakursları, detalları ilə deyil, həm də maraqlı işləmə texnikası ilə cəlbedicidir. Sənətkar fotoslaydları şəffaf kuba əridib qatır və onlar bir-biriləri ilə kəsişdikdə başqa ölçülü məkandan baxış təəssüratı yaradır.
Bizi əhatə edən dünyada hər element, hər cizgi əhəmiyyətli ola bilər. Bunun üçün ona başqa bucaqdan baxmaq gərəkdir. Getdikcə sürətlənən zaman daxilində baş verən nəhəng informasiya axınında gözəl anı tutmaq hərdən olduqca çətin olur. Əslində isə hər şey sadədir! “Dua’s” layihəsində Fəxriyyə Məmmədova öz modelini təqdim edir. Onun işlərində zaman sanki “sehrli mücrülər”də qorunur. Yəni, zaman çoxahənglidir, çoxtəbəqəlidir və baxış bucağından asılı olaraq, işıq və çalarlarla bərq vurur. İşlər məcbur edir ki, “fon” və “fiqurun” yalnız bizim idrakımızın seçimi olduğu barədə fikirləşəsən. Əks tərəfdən daxil olmaq kifayətdir və ən yeni çalarlarla parıltı saçmağa başlayacaq.
Fəxriyyə Məmmədovanın işləri 2000-ci ilin əvvəllərindən etibarən Azərbaycanın müasir incəsənətinə dair bütün sərgilərdə öz yerini inamla tutub. O, YARAT Müasir İncəsənət Məkanının layihələri ilə yanaşı, “Fly to Baku” sərgilərində, habelə 2013-cü ildə 55-ci Venesiya İncəsənət Biennalesində Azərbaycanı təmsil edib.
Fəxriyyə Məmmədovanın işləri müxtəlif vaxtlarda Türkiyə, Gürcüstan, Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, ABŞ, Yunanıstan, Rusiya, Özbəkistan, Ukrayna kimi ölkələrdə sərgilənib.
YAY qalereyasında fotoqraf-rəssam Fəxriyyə Məmmədovanın “Dua*s” adlı fərdi sərgisi iyunun 5-dək davam edəcək.