İDMAN
YENİYETMƏLƏR ARASINDA ÖLKƏ FUTBOL BİRİNCİLİYİNİN FİNAL OYUNLARI BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Nəsimi rayonundakı 54 saylı orta məktəbin futbol meydançasında 1990-91-ci il təvəllüdlü yeniyetmələr arasında ölkə birinciliyinin final mərhələsinin oyunlarına start verilmişdir.
Yarışlarda 9 komanda dairəvi sistemlə mübarizə aparır. Birinci turun oyunlarının nəticələri belədir: “Sumqayıt” - “Lənkəran” - 1:2, Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi - “Ağcabədi” - 2:1, “Beyləqan” - “Salyan” - 0:1, “Əli Bayramlı” - “Beyləqan” - 1:2, “Lənkəran” – “Ağdaş” - 1:1. Bu mərhələdə 9 komanda çıxış etdiyindən, yarışların əsasnaməsinə uyğun olaraq, bir komanda gün ərzində 2 oyun keçirə bilər.
Xatırladaq ki, bu ilin mayında keçirilmiş zona yarışlarında mübarizə aparan 70 komanda arasından ən güclüləri finala vəsiqə qazanmışdı. Çempionat oktyabrın 25-də başa çatacaqdır.