CƏMİYYƏT
YUNESKO üzrə “İnsan və Biosfer” Azərbaycan Milli Komitəsinin əsərlərinin illik nəşri oxuculara təqdim olunmuşdur
Bakı, 13 aprel (AZƏRTAC). Aprelin 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində YUNESKO üzrə “İnsan və Biosfer” Azərbaycan Milli Komitəsinin ekoloji sivilizasiya, davamlı inkişaf və ətraf mühit problemlərinə dair əsərlərinin illik nəşri oxuculara təqdim olunmuşdur.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov tədbirdə çıxış edərək nəşr haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, nəşrdə qabardılan əsas mövzular ətraf mühitin vahid bir sistem kimi tədqiq edilməsi, ekoloji sivilizasiya anlayışı və onun bir çox ölkələrdə, o cümlədən Azərbaycanda ətraflı öyrənilməsi problemi və digər məsələlərdir.
Akademik M.Kərimov ölkəmizdə son vaxtlar ekologiya sahəsində görülmüş işlərdən və əldə olunan nəticələrdən bəhs edərək demişdir ki, 2010-cu ilin “Ekologiya ili” elan olunması Azərbaycanda ekoloji problemlərin həllinə daim mühüm əhəmiyyət verilməsinin bariz göstəricisidir.
AMEA-nın prezidenti ekoloji biliklərin ali məktəblərdə daha geniş tədris olunması və əhalinin bu sahədə maarifləndirilməsinin əhəmiyyətini xüsusi vurğulamışdır.
Tədbirdə çıxış edən YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva müasir dövrdə ekoloji problemlərin beynəlxalq səviyyədə geniş müzakirə edilən məsələlərdən olduğunu və ölkəmizdə bu mövzu ilə bağlı böyük işlərin görüldüyünü bildirmişdir. İllik nəşrdə həm Azərbaycan, həm də bir sıra digər ölkələrin alimlərinin məqalələrinin yer aldığını vurğulayan G.Əfəndiyeva, bu nəşrin ölkəmizdə ekologiya sahəsinin inkişafına töhfə verəcəyinə əmin olduğunu söyləmişdir.