SİYASƏT
Yalçın Hacızadə: Özbəkistan-Azərbaycan münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli şəkildə inkişaf edir
Bakı, 23 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin Özbəkistana səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafı üçün çox əhəmiyyətlidir və gələcəkdə böyük nəticələri olacaq. Özbəkistanla bizim münasibətlərimiz həm ikitərəfli, həm də üzv olduğumuz beynəlxalq təşkilatlar vasitəsilə çoxtərəfli şəkildə inkişaf edir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının aktiv üzvü olmaqla yanaşı, bu qurumun inkişafında marağı olan, gələcək inkişafına inanan, güc mərkəzinə çevriləcəyini görən ölkələrdir. Dövlətimizin başçısının Özbəkistana səfəri çərçivəsində bir çox sahələr üzrə əldə olunan razılaşmalar əlaqələrimizin dəfələrlə yüksəlməsinə təkan verəcək. Hər iki ölkə qurulacaq yeni dünya düzəninə hazırdır və coğrafi mövqeyinə nəzərən Şərq-Qərb nəqliyyat dəhlizində, Böyük İpək Yolunda körpü rolunu oynayır. Elə buna görə də, son aylarda iki ölkə arasında iqtisadi, ticarət və logistika sahələrində sürətli artım var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Yalçın Hacızadə söyləyib.
O qeyd edib ki, Rusiya - Ukrayna müharibəsi və birinciyə tətbiq olunan sanksiyalar yeni ticarət yollarının tapılmasını və inkişaf etdirilməsini şərtləndirir. Ona görə Azərbaycan Özbəkistan münasibətləri təkcə bu iki dövlətin yox, Şərq-Qərb dəhlizindən istifadə edən ölkələrin də marağında və diqqətindədir. İki ölkə arasındakı iqtisadi, siyasi, hərbi əlaqələrlə yanaşı, bizim tarixi, etnik, mədəni bağlarımız da möhkəmdir. Azərbaycan və Özbəkistan qədim türk soyuna daxildirlər və bir-birimizin dilini tərcüməsiz başa düşürük. Əlbəttə ki, iki ölkə liderinin görüşdə ictimaiyyət qarşısında tərcüməsiz danışmaları çox sevindirici hal idi və bu, dövlətlərin digər maraqlardan başqa bir olmağımızın vacibliyini göstərdi.
“Ölkələrimiz arasında münasibətlərin tarixi bağlılığı uzun illərə söykənsə də, Azərbaycanın Qarabağ Zəfəri qardaş ölkəmiz olan Türkiyə Respublikası ilə münasibətlərimizin səviyyəsini daha da yüksəltdi. Eyni zamanda, Azərbaycan-Türkiyə yaxınlığı Türk Dövlətləri Təşkilatı səviyyəsində üzv ölkələrlə əlaqələrin inkişafında da böyük stimuldur. Özbəkistan Prezidentinin Azərbaycanı tarixi Qələbə münasibətilə təbriki və ərazi bütövlüyümüzün bərpasına dəstək nümayiş etdirməsi, həmçinin Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarı dostluq və qardaşlıq münasibətlərinin təcəssümüdür”,-deyə Yalçın Hacızadə vurğulayıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qələbənin əldə olunması, bu sahədə ordu quruculuğu, son texnologiyaya malik hərbi texnikanın əldə olunması, döyüş taktikası kimi sahələr digər ölkələr kimi qardaş Özbəkistanın da marağındadır. Elə buna görə də, digər istiqamətlərlə yanaşı, ölkələr arasında hərbi - texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əlavə addımların da atılması planlaşdırılıb. Bütün bunlara görə Prezident İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyətləridir və hər iki ölkənin inkişafına öz töhfəsini verəcək.