İQTİSADİYYAT
Yanvarda ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 2,8 milyard manatlıq məhsul istehsal olunmuşdur
Bakı, 18 fevral (AZƏRTAC). Cari ilin yanvarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 2,8 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, sənaye məhsulunun 72,7 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 3,6 milyon ton neft, 1,6 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilmişdir. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 19,7 faizini təşkil etmişdir. Qida, toxuculuq, geyim, ağac emalı və ağac məmulatlarının, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, nəqliyyat vasitələrinin istehsalında daha çox artım müşahidə olunmuşdur. İstehsal edilmiş sənaye məhsulunun 7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar ayının səviyyəsini 5,6 faiz üstələmiş, neft-qaz sektorunda isə 5,2 faiz azalmışdır. Ümumi sənaye istehsalının 93,9 faizi malların (əmtəələrin), 6,1 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 81,9 faizi özəl bölmədə istehsal olunmuşdur.