DÜNYA
Yapon seysmoloqlar Alyaskada baş vermiş güclü zəlzələnin yarada biləcəyi sunaminin təsirini araşdırırlar
Tokio, 29 iyul, AZƏRTAC
Yapon seysmoloqlar iyulun 29-da səhər saatlarında Alyaska ştatının sahillərində baş vermiş 8,2 bal gücündə zəlzələnin Sakit okean regionunda yarada biləcəyi sunaminin təsirini araşdırırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, yapon seysmoloqlar zəlzələnin əmələ gətirdiyi sunaminin Yaponiya ərazisinə necə təsir göstərəcəyini dəqiqləşdirirlər.
Qeyd edək ki, bu ərəfədə ABŞ Geoloji Xidməti Alyaska ştatı yaxınlığında güclü zəlzələnin baş verməsi barədə məlumat yayıb. Qrinviç vaxtı ilə 6:15 dəqiqədə baş vermiş zəlzələnin episentri Perrivil şəhərindən 96 kilometr məsafədə, ocağı 46 kilometr dərinlikdə yerləşib. Sunami xəbərdarlığı elan edilib.
ABŞ Sunami Xəbərdarlığı Milli Mərkəzinin yaydığı məlumata görə, sunaminin Sakit okeandakı Marian adalarına çatacağı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio