DÜNYA
Yaponiya Liberal Demokratik Partiyası sədrinin seçkiləri uğrunda mübarizədə Yoşihida Suqa öndə gedir
Tokio, 12 sentyabr, AZƏRTAC
Yaponiyada hakim Liberal Demokratik Partiyanın (LDP) sədrinin seçkiləri uğrunda mübarizədə Yoşihida Suqa öndə gedir və o, istefa vermiş Baş Nazir Şinzo Abenin varisi ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı LDP-dən olan deputatlar arasında apardığı sorğunun nəticələrinə görə məlumat yayıb.
Qeyd edək ki, Yaponiya qanunlarına əsasən, LDP sədrinin seçkilərində qalib gələcək namizəd ölkənin yeni Baş Naziri olacaq. Y.Suqa bu vəzifəni tutmaq üçün LDP-nin sabiq baş katibi Şiqeru İşiba və partiyanın siyasi şurasının sədri Fumio Kişida ilə mübarizə aparır.
Xəbər verdiyimiz kimi, LDP-nin yeni liderini partiyadan olan 535 nümayəndə səsvermə yolu ilə müəyyən edəcək. Buraya parlamentin LDP-dən olan 394 deputatı və partiyanın 47 prefekturadakı yerli təşkilatlarının 141 üzvü daxildir.
NHK telekanalının LDP-dən olan mərkəzi və yerli parlamentdən olan deputatları arasında apardığı sorğunun nəticələrinə görə, onların təqribən 70 faizi Y.Suqanın namizədliyini dəstəkləyəcəklərini bildiriblər.
Bununla yanaşı, Y.Suqanın namizədliyini partiyanın beş fraksiyası, o cümlədən Baş Nazirin müavini, Maliyyə naziri T.Asonun, LDP-nin baş katibi N.Toşihironun rəhbərlik etdiyi fraksiyaların dəstəkləyəcəyi də gözlənilir. Eyni zamanda, parlamentin heç bir fraksiyaya daxil olmayan deputatları da Y.Suqanı dəstəkləyirlər. Bundan əlavə, yerli qanunvericilər də onun tərəfində olduqlarını bildiriblər.
F.Kişida və Ş.İşibanın namizədliklərini isə onların öz fraksiyaları və bir sıra digər deputatlar dəstəkləyirlər.
Xatırladaq ki, LDP-nin yeni liderinin seçkiləri sentyabrın 14-də keçiriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio