DÜNYA
Yaponiya TPP çərçivəsində razılaşmanın qüvvəyə minməsi ilə bağlı işləri sürətləndirir
Tokio, 31 may, AZƏRTAC
Cari ilin yanvarında ABŞ-ın Trans-Sakit okean Tərəfdaşlığı (TPP) çərçivəsində azad ticarət barədə razılaşmadan çıxmasına baxmayaraq, Yaponiya onun qüvvəyə minməsi ilə bağlı işləri sürətləndirir.
Baş nazir Şinzo Abe mayın 30-da Nazirlər Kabinetinin nümayəndələri ilə görüşdə üzv ölkələrin iştirakı ilə iyulda Yaponiyada keçiriləcək işgüzar görüşə hazırlığı sürətləndirməyi xahiş edib.
Razılaşmanı imzalamış 11 ölkə, - ABŞ iştirak etməsə belə, - bu yaxınlarda müqavilə üzərində işi davam etdirməyin mümkün yollarını müzakirə ediblər.
Ş.Abe deyib ki, qarşıdakı görüşə sədrlik edəcək Yaponiya müzakirələri sürətləndirmək vəzifəsinin öhdəsindən gəlməyə çalışmalıdır. Qarşıdakı görüşə sədrlik edəcək Baş nazir 11 ölkənin nazirlərindən sıx əməkdaşlıq şəraitində çalışmağı xahiş etmək niyyətindədir.
Yaponiyanın iqtisadi dirçəliş naziri Nobuteru İşihara isə jurnalistlərə bildirib ki, hökumət TPP çərçivəsində azad ticarət barədə razılaşmanın tezliklə qüvvəyə minməsinin yollarını araşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio