CƏMİYYƏT
Yaponiya hökuməti Azərbaycana qrant yardımı ayırıb
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 16-da Yaponiya hökuməti Azərbaycan ilə Ermənistan arasında baş vermiş silahlı toqquşmalar nəticəsində yaranan humanitar vəziyyətlə əlaqədar yardım qismində Azərbaycana 1,2 milyon dollar məbləğində təcili qrantın ayrılması barədə qərar verib.
Yaponiyanın ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin Dünya Qida Proqramı (WFP) və Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) tərəfindən beynəlxalq cəmiyyətə ünvanlanmış yardım müraciətinə əsaslanaraq, zərərçəkmiş və təxliyə məkanlarının bərpası, tibb sahəsinə dəstək, yardım ləvazimatlarının təqdim olunması kimi yaşam şəraitinin yaxşılaşdırılmasına yönəlmiş qrant yardımıdır.
Bu qrantda nəzərdə tutulmuş yardımlar aşağıdakılardır:
- Bir qabaqcıl xəstəxananın tibbi avadanlıqlarla təchizatı;
- Təqribən 500 nəfərin təhlükəsiz su mənbələrinə çıxışının təmin edilməsi;
- Təqribən 6400 nəfər üçün müvəqqəti sığınacaq yerlərinin bərpası və soyuqla mübarizə aparmaq üçün yardım ləvazimatları ilə təminat;
- Təqribən 8000 nəfər üçün qida yardımını həyata keçirilməsi.
Ölkəmiz müstəqillik qazandıqdan sonra Yaponiya hökuməti Azərbaycanda inkişafa rəsmi yardım layihələrinin icrasına başlayıb, indiyədək təxminən 1 milyard dollar məbləğində güzəştli kredit, 100 milyon dollardan çox qrant layihəsi həyata keçirib. Yaponiya hökuməti Azərbaycana yardımı bundan sonra da davam etdirmək niyyətindədir.