MƏDƏNİYYƏT
Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 30-cu ildönümü caz konsertlə qeyd olunub
Bakı, 8 sentyabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunmuş caz konserti təşkil edilib.
Tədbir Yaponiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə gerçəkləşib.
AZƏRTAC-a müsahibə verən Yaponiyanın caz ifaçısı Yamamoto Kyoko ilk gündən Azərbaycan musiqisinə vurulduğunu deyib: “Mən Azərbaycanı ilk dəfə muğamla tanımışam. Bakıya 2017-ci ildə gələndə bu qədim diyarın mədəni irsini öyrənmək üçün hətta muğam dərslərinə yazıldım. Bakıda konsert verərkən bir qadın ifaçı ilə muğam oxumağa da cəhd göstərdim”.
Azərbaycan musiqisi ilə maraqlandığını deyən Yamamoto Kyoko Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadənin adlarını çəkib. Caz ifaçılarından ilk olaraq Vaqif Mustafazadəni xatırlayıb. Bildirib ki, azərbaycanlı xanım ifaçılarını daha çox bəyənir.
Yamamoto Kyoko Bakı Beynəlxalq Caz Festivalı haqqında məlumatı olduğunu da söyləyib. Qeyd edib ki, builki festivala qatılmasa da növbəti illərdə iştirak etmək arzusundadır.
Caz ifaçısı deyib ki, bugünkü konsertdə Yaponiya və Azərbaycan musiqi əsərləri səsləndiriləcək. Mahnılardan bir neçəsini özü bəstələyib.
Konsert zamanı Yamamoto Kyoko “Sakura”, “Günəş ürəyi”, “Volare” mahnılarını ifa edib. Onun Azərbaycan dilində oxuduğu “Ay Laçın” və “Sarı gəlin” mahnıları xüsusi alqışlarla qarşılanıb.