DÜNYA
Yaponiya və ABŞ KXDR-dən nüvə silahının tam ləğvini tələb edəcək
Tokio, 7 iyun, AZƏRTAC
Yaponiyanın xarici işlər naziri Taro Kono və ABŞ-ın dövlət katibi Mayk Pompeo ölkələrinin Koreya Xalq Demokratik Respublikasından (KXDR) nüvə silahının tam, nəzarət olunan və təkrar olunmaz şəkildə ləğvini bir daha tələb edəcəklərini bildiriblər.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə razılaşma T.Kononun M.Pompeo ilə iyunun 6-da Vaşinqtonda baş tutan görüşündə əldə edilib.
Xatırladaq ki, M.Pompeo hazırda ABŞ Prezidentinin KXDR lideri ilə sammitinin təşkili ilə məşğuldur.
Görüş zamanı T.Kono Pxenyanla aparılan danışıqların mahiyyəti barədə məlumatlandırılıb.
T.Kono və M.Pompeo qeyd ediblər ki, beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə KXDR-ə iqtisadi sanksiyaların tətbiqində vahid mövqe nümayiş etdirir və bu ölkənin nüvə silahının tam, nəzarət olunan və təkrar olunmaz şəkildə ləğvini tələb edir.
Eyni zamanda, tərəflər ABŞ-KXDR liderlərinin sammitindən sonra informasiya mübadiləsinin davam etdirilməsi, bundan əlavə, Cənubi koreyalı həmkarlarının iştirakı ilə üçtərəfli görüşün keçirilməsi barədə də razılığa gəliblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio