QAN YADDAŞI
Yaponiyanın Aoyama Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tokio, 24 yanvar, AZƏRTAC
Yaponiyanın qabaqcıl universitetlərindən biri sayılan Aoyama Universitetində Azərbaycan haqqında təqdimat keçirilib, 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə təşkil edilən tədbirdə səfir Gürsel İsmayılzadə ölkəmiz, onun tarixi, xalqımızın azadlıq uğrunda mübarizəsi, 20 Yanvar faciəsi, Azərbaycan-Yaponiya münasibətləri ilə bağlı auditoriyanı ətraflı məlumatlandırıb.
1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik dövlət olduğu vurğulanıb, ötən əsrin 80-90-cı illərində Azərbaycanın müstəqilliyinin bərpası üçün xalqımızın qarşılaşdığı böyük çətinliklərdən bəhs edilib.
20 Yanvar faciəsi haqqında məlumat verən səfir keçmiş sovet hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüzü insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi səciyyələndirib. Xalqımızın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsinin qarşısını almaq üçün sovet rəhbərliyi tərəfindən törədilən həmin qanlı hadisələr zamanı 137 nəfərin qətlə yetirildiyi, 744 nəfərin isə ağır xəsarət aldığı qeyd edilib. Vurğulanıb ki, fövqəladə vəziyyət elan ediləndən sonra da davam edən zorakılıq nəticəsində daha 21 nəfər qətlə yetirilib. Hətta fövqəladə vəziyyətin elan edilmədiyi ərazilərdə - Neftçala və Lənkəran rayonlarında 26 nəfər öldürülüb. Bu qanlı hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin göstərdiyi fədakarlıq və qəhrəmanlıq nümunəsi, sonralar faciəyə siyasi qiymətin verilməsində Ulu Öndərin böyük rolu xüsusi qeyd edilib.
Azərbaycanın müasir inkişafı haqqında danışan diplomatımız bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin inkişafı yolunda ölkəmizin inamla addımladığını, davamlı siyasi-iqtisadi islahatların həyata keçirildiyini vurğulayıb. Aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verilib, o cümlədən iqtisadiyyat, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən və gələcəkdə nəzərdə tutulan müxtəlif layihələr barədə ətraflı danışılıb.
Diplomat Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının, o cümlədən Formula-1 Qran-Prisinin, birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu deyib və bununla bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın əhəmiyyətli töhfələri haqqında tədbir iştirakçılarına məlumat verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan G.İsmayılzadə bu il Xocalı soyqırımının 25-ci ildönümünün qeyd edildiyi barədə məlumat verib, Ermənistanın cinayətkar rejiminin və ona himayədarlıq edən qüvvələrin münaqişənin həllinə maneçilik törətdiyini bildirib. Cəbhədə Ermənistan ordusu tərəfindən törədilən təxribatlara toxunan səfir, həmçinin tarixə nəzər salaraq, hazırda Ermənistanın yerləşdiyi ərazinin böyük qisminin vaxtilə Azərbaycana məxsus olduğunu diqqətə çatdırıb.
Azərbaycanın ərazisinin iyirmi faizinin Ermənistan tərəfindən işğal olunmasına və bunun nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsinə baxmayaraq, ölkəmizin iqtisadiyyatının dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olduğu və son 10 ildə 4 dəfə artdığı bildirilib.
G.İsmayılzadə Azərbaycan-Yaponiya münasibətləri haqqında da danışıb və 2017-ci ildə Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd olunduğunu vurğulayıb. Bildirib ki, iki ölkə arasında münasibətlər daha da genişlənir. İqtisadiyyatın enerji və qeyri-neft sektoru sahələrində də əməkdaşlıq sürətlə inkişaf edir. Həmçinin son illər Azərbaycan və Yaponiya arasında regionlararası əməkdaşlığın genişləndiyi və bunun ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verməkdə olduğu bildirilib.
Təqdimatdan sonra Azərbaycan haqqında videoçarx göstərilib, auditoriyanın çoxsaylı sualları ətraflı cavablandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio