DÜNYA
Yaponiyanın kiçik və orta şirkətləri yeni koronavirusun yayılmasına görə narahatdırlar
Tokio, 21 fevral, AZƏRTAC
Yaponiyanın kiçik və orta şirkətləri yeni koronavirusun yayılmasına görə narahatdırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Ticarət-Sənaye Palatası cari ayın əvvəllərində keçirdiyi sorğunun nəticələrinə görə bəyan edib. Bildirilir ki, sorğu bütün ölkə üzrə iki min şirkətin iştirakı ilə keçirilib.
Sorğuda iştirak edən şirkətlərin 52 faizi bildirib ki, yeni koronavirus yayılmaqda davam edəcəyi təqdirdə böyük zərər vura bilər. Rəyi soruşulanların 11 faizi artıq bunu hiss etdiklərini qeyd ediblər.
Sorğunun təşkilatçıları respondentlərdən konkret nəticələr barədə də soruşublar. Onlardan 62 faizi qeyd edib ki, Çindən daxil olan sifarişlər və çinli turistlərə satış artıq azalıb. 27 faiz bildirib ki, əmtəələrin istehsalı mərkəzlərində baş verən dəyişikliklər tədarük xərclərinin artmasına səbəb olub. Rəyi soruşulanların 25 faizi isə əməkdaşların xəstəlikdən qorunması ilə bağlı xərclərin artdığını bildirib.
Ticarət-Sənaye Palatası hökumətdən kiçik və orta sahibkarlara dəstəyi artırmağı xahiş edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio