DÜNYA
Yaponiyanın nəqliyyat arteriyası bayram günlərində maksimum yüklənib
Tokio, 31 dekabr, AZƏRTAC
Yeni il şənlikləri ilə əlaqədar doğma yerlərə və ya istirahət rayonlarına yollanan insan axını bütün Yaponiya üzrə aeroportları və dəmir yolu vağzallarını maksimum doldurub. Ölkənin avtomobil yolları da həddindən artıq yüklənib.
AZƏRTAC Yaponiya Dəmir Yolları (JR) Şirkətinə istinadla xəbər verir ki, bayram ərəfəsində Tokio vağzalından yola düşən sürətli “Şinkansen” qatarlarında oturacaqlar 100 faizdən çox dolub.
Aviaşirkətlərin nümayəndələri bildirirlər ki, Tokionun “Haneda” aeroportundan uçan yerli aviareyslərdə də bütün yerlər bronlaşdırılıb.
“ANA” aviaşirkətinin nümayəndələrinin bildirdiyinə görə, “Haneda” aeroportundan Hokkaydo prefekturası istiqamətində bəzi aviareyslər güclü qar yağmasına görə təxirə salınıb. Əlavə olaraq qeyd edilir ki, hava şəraitinin pisləşməsi səbəbindən Hokkaydo ilə yanaşı, Tohoku regionu istiqamətində də uçuşlarda fasilələr yarana bilər. Narahatlığa yol verməmək üçün sərnişinlərə aviaşirkətlərin veb-saytlarını izləmək tövsiyə olunur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio