DÜNYA
Yaponiyanın xarici işlər naziri Rohinca müsəlmanlarının Myanmaya qayıdışına hazırlıqla tanış olub
Tokio, 13 yanvar, AZƏRTAC
Yaponiyanın xarici işlər naziri Taro Kono Myanmanın qərb hissəsinə gedərək Rohinca müsəlmanlarının evlərinə qayıdışına hazırlığın gedişi ilə tanış olub. O, həmin rayona səfər edən ilk xarici ölkə naziridir.
Xatırladaq ki, ötən ilin avqustunda Rohinca silahlılarının təhlükəsizlik qüvvələri ilə toqquşması nəticəsində yaranan münaqişə yüz minlərlə Rohinca müsəlmanının qonşu Banqladeşə qaçmasına səbəb olmuşdu.
Myanma rəsmiləri münaqişəyə qədər minlərlə Rohinca müsəlmanının yaşadığı kənddə hərbi toqquşma zamanı tamamilə yanmış evlərin bərpası barədə T.Konoya məlumat veriblər. Yapon nazir Rohinca müsəlmanlarının evlərinə qayıdacağı körpünün vəziyyəti ilə tanış olub, həmçinin onların repatriasiya prosedurunu keçəcəyi dövlət obyektinə baxıb.
T.Kono jurnalistlərə bildirib ki, münaqişə nəticəsində kənddəki evlərin çoxu yanıb. Vəziyyət çox gərgindir və qaçqınların geri dönərək öz həyatlarını bərpa etməsi üçün böyük zəhmət tələb olunur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio