REGİONLAR
Yardımlı rayonunun Gendərə kənd sakinindən 6 kiloqrama yaxın heroin aşkarlanıb
Yardımlı, 15 iyun, Bağır Əliyev, AZƏRTAC
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yardımlı rayonunun Gendərə kənd sakini Vüsal Kazımov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış keçirilərkən yardımçı tikilinin arxa tərəfində gizlətdiyi 1 ədəd sellofan bağlamada çəkisi 5 kiloqram 800 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.