REGİONLAR
Yardımlının Porsova kəndində həkim məntəqəsi tikiləcək
Yardımlı, 20 fevral, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin cənub bölgəsinə səfər edən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori Yardımlı rayonunda olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində səfir Teruyuki Katori Yardımlı Rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərovla görüşüb. Görüşdə Yaponiya hökumətinin Azərbaycanda həyata keçirdiyi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində “Yardımlı rayonunun Porsova həkim məntəqəsinin tikintisi” layihəsinin qrant müqaviləsi imzalanıb.
Layihəni səfir Teruyuki Katori və “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev imzalayıblar.
Mərasimdə çıxış edən səfir Teruyuki Katori layihənin əsas məqsədinin Porsova kəndinin sakinlərini təkmilləşdirilmiş tibbi xidmətlə təmin etmək və yaşayış səviyyəsini yaxşılaşdırmaq olduğunu bildirib.
Diqqətə çatdırılıb ki, bundan əvvəl Lerik rayonunda “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində Arus kəndində məktəb binası, Honuba, Köryədi və Hamarkənd kəndlərində tibb məntəqələri, şəhər 1 nömrəli və Köryədi kənd tam orta məktəblərində sanitar qovşaqlar inşa edilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov ölkəmizdə yerli əhəmiyyətli sosial layihələrin həyata keçirilməsinə göstərilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib.